вторник, 1 марта 2011 г.

Nikah müqaviləsin əhəmiyyəti




İnsanlar xoşbəxt ailəyə sahib olmaq arzusundadır, ailə qurarkən onun gələcəkdə dağılması ehtimalını gözdən keçirmirlər, bəlkə də heç ağıllarına gətirmirlər. Düşünürlər ki, ömürlərinin sonuna qədər ailə qurduğu insanla birlikdə yaşayacaqlar. Lakin günlərin birində boşanmaq təhlükəsi ilə üz-üzə qalanda onlar məhkəməyə üz tutacaq və əmlak mübahisəsinə başlayacaqlar. O zaman bəlkə də fikirləşəcəklər ki, vaxtında nikah müqaviləsi bağlasaydıq, bu mübahisələr indi yaranmazdı.
Çoxları nikah müqaviləsinin mahiyyətini dərk etmir, onlar fikirləşir ki, nikah müqaviləsi boşanmaq üçündür, yalnız boşanmaq zamanı bu müqavilə köməyə gəlir. Əslində isə nikah müqaviləsi təkcə boşanma anı üçün tətbiq edilmir, o bütovlükdə nikah dövründə əmlakın kimin mülkiyyətinə verilməsini, ondan istifadə qaydalarını müəyyənləşdirməyə imkan verir və bu da gələcəkdə yarana biləcək hər hansı mübahisələrin qarşısını ala bilər.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Nikah müqaviləsinin əsas məqsədi ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən edilməsidir. Bu əmlak həm müqavilə bağlanarkən mövcud olan, həm də gələcəkdə əldə edilməsi nəzərdə tutulan əmlak ola bilər.
Nikah müqaviləsində ər-arvad bir-birinin qarşılıqlı saxlanması, bir-birlərinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikqah pozulduqda hər birinə düşəcək əmlakı və s müəyyənləşdirə bilərlər.
Ümumiyyətlə nikah müqaviləsi ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini müəyyən edir. Adətən nikah müqaviləsi olmayan ailələrdə bəzən müəyyən vəzifələrin həyata keçirilməsində mübahisələr yarana bilər. Bu ümumi ailə büdcəsinə nəzarət, ailə gəlir və xərclərində iştirak, tərəflərin saxlanması, onların xərclərinin ödənilməsi və s kimi məsələlər ola bilər. Təbii ki, nikah müqaviləsi olmadıqda bu vəzifələrin kim tərəfindən həyata keçirilməsində mübahisələr yarana bilər və ailədaxili baş verən narazılıqlar hətta gələcəkdə boşanmalara da gətirib çıxara bilər. Lakin nikah müqaviləsi bağlanarsa, orada bu kimi məsələlər öz əksini taparsa, baş verə biləcək mübahisələrin qarşısını almaq mümkün olar.
Qeyd edək ki, nikah müqaviləsi istənilən dövrdə həm nikahın bağlanmasına qədər, həm nikah bağlanan zaman, həm də nikah dövründə istənilən vaxtda bağlana bilər. Lakin bu halda nikah müqaviləsinin hüquqi qüvvəsi yalnız nikah dövlət qeydiyyatına alındıqda yaranır. Tutaq ki, nikah VVAQ orqanlarında qeydə alınmayıbsa, tərəflər arasında bağlanmış nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi olmayacaq. Məsələn, nikaha daxil olmaq istəyən iki şəxs əmlaklarının hüquqi rejimini müəyyən etmək istəyir və nikah quracaqları təqdirdə hər birinə düşəsi əmlakı müəyyənləşdirmək məqsədi ilə nikah müqaviləsi bağlayırlar. Əgər onlar arasında nikah bağlanmazsa, o zaman nikah müqaviləsinin də heç bir əhəmiyyəti olmur. Həmin müqaviləyə istinad edərək məhkəmədə mübahisə qaldırmaq mümkünsüzdür. Nikaha xitam verərkən nikah müqaviləsi də öz hüquqi qüvvəsini itirir. Əgər müqavilədə ər-arvadın gələcəkdə yarana biləcək hüquq və vəzifələri olarsa, bu halda nikah müqaviləsi həmin hissədə qüvvədə olacaq.
Onu da qeyd edək ki, nikah müqaviləsi yazılı formada bağlanır və notarial qaydada təsdiq olunur. Şifahi formada bağlanan nikah müqaviləsinin heç bir hüquqi qüvvəsi yoxdur. Tutaq ki, ər-arvad əmlakla bağlı öz aralarında şifahi razılaşmaya gəlsələr, sonradan ona istinad edərək əmlak iddiası irəli sürə bilməzlər.
Nikah müqaviləsi ər-arvad arasında könüllü bağlansa da, bəzi məsələlər var ki onları nikah müqaviləsinə daxil etmək olmaz.
Nikah müqaviləsi tərəflərin hüquq və fəaliyyətini məhdudlaşdıra bilməz. Bu o deməkdir ki, ər-arvad bir-birlərinin əmək fəaliyyətini seçməyə, təhsil almasına, ixtisas seçməsini qadağan edə, yaxud onu məhdudlaşdıra bilməz.
Nikah müqaviləsi tərəflərin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Məsələn, ər arvadına gələcəkdə ona qarşı aliment tələbi ilə məhkəməyə iddia verməsinə, yaxud birgə əmlakın bölünməsinə dair iddia qaldırmasına qadağa qoya bilməz. Eyni zamanda müqavilədə tərəflərin məhkəməyə müraciət etmək hüququndan imtina etməsinə dair müddəalar da nəzərdə tutula bilməz.
Nikah müqaviləsində ər-arvadın qeyri-əmlak hüquq və vəzifələri müəyyənləşdirilə bilməz. bu müqavilədə yalnız əmlak xarakterli müddəalar göstərilə bilər. Bu o deməkdir ki, nikah müqaviləsi ilə tərəflər bir-birini sevməyə, hörmət etməyə, ailə sədaqətini saxlamağa, spirtli içkilərdən istifadə etməməyə məcbur edilə bilməz. Lakin qeyri-əmlak xarakterli halların yaranmasından asılı olaraq ər-arvadın əmlak xarakterli hüquq və vəzifələri müəyyənləşdirilə bilər. Məsələn, tərəflərdən birinin qeyri-etik hərəkəti nəticəsində digər tərəfə pul kompensasiyasının verilməsi nikah müqaviləsində nəzərdə tutula bilər.
Digər məhdudlaşdırma ondan ibarətdir ki, nikah müqaviləsi ilə ər-arvad uşaqlarla bağlı hüquq və vəzifələrini müəyyənləşdirə bilməz. Məsələn, ər-arvad müqavilədə boşanma zamanı uşaqların atanın yaxud ananın yanında qalmasını və ya valideynlərin uşaqla görüş qaydalarını nəzərdə tuta bilməz. Lakin buna baxmayaraq ər-arvad nikah müqaviləsində uşaqların saxlanamsında və təhsil almasında xərcləri müəyyən edə bilər.
Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz. Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verilərsə, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.
Nikah müqaviləsinin əhəmiyyəti böyükdür. Çoxları onun nikahın pozulması anı üçün lazım olmasını qeyd etsələr də, müsbət cəhətləri çoxdur. Buna baxmayaraq insanlar hələ də nikah müqaviləsi bağlamaq istəmirlər. Ölkə üzrə hər il 10 minlərlə insan ailə qurur, lakin onlardan cüzi hissəsi (5-10%-i) nikah müqaviləsi bağlayır. Nhikah müqaviləsi ər-arvadın ailə qarşısında hüquq və vəzifələrinin mahiyyətini dərk etmək, bir-birləri və uşaqları qarşısında olan məsuliyyətini başa düşmək məqsədi ilə bağlanır.
Nikah müqaviləsinin az sayda bağlanmasının bir neçə səbəbi var. Əsas səbəb odur ki, tərəflər bir-birlərinə daha çox inanırlar və onlar gələcəkdə boşanma haqqında ümumiyyətlə düşünmək istəmirlər.
İkincisi, nikah müqaviləsi barədə müddəalar 2000-ci ildə qəbul edilən Ailə Məcəlləsində göstərilib. Təbii ki, 10 il vaxt keçən bir dövrdə insanlar hələ də nikah müqaviləsi haqqında ətraflı məlumatlar bilmirlər, bəziləri hətta onun varlığından xəbərsizdirlər. Burada əsas vəzifə VVAQ orqanlarının üzərinə düşür. Onlar nikah bağlayan şəxslərə nikah müqaviləsinin əhəmiyyəti barədə məlumat verməlidir ki, o insanlar artıq öz həyatlarının necə qurulmasına qərar versinlər.
Insanlar ailə qurarkən nikah müqaviləsini bağlamaqdan utanırlar, onlar müqaviləni bir-birlərinə olan inamsızlıq kimi qələmə verir. Əgər inamsızlıq varsa, o zaman niyə ailə qurulur deyə sual verirlər. Amma həyatda baş verən hadisələrdən kimsə sığortalanmayıb, bəzən gözlənilməyən zamanda boşanma təhlükəsi yarana bilər və o zaman insanlar əmlak davası açmaq üçün məhkəməyə üz tuturlar. Vaxtilə nikah müqaviləsini bağlamağı özlərinə sığışdırmayan insanlar məhkəməyə müraciət etməkdən çəkinmirlər. Ona görə də ailə qurarkən nikah müqaviləsini bağlamaq lazımdır ki, gələcəkdə heç bir problem yaranmasın. Təbii ki, adi kağız parçasında olan bir müqavilə ailəni qoruyub saxlamağa bəs etməz. Lakin ətrafımızda boşanan insanların bir-birlərinə qarşı məhkəmədə iddia qaldırmasını, bir-birlərini ittham etməsini gördükdə nikah müqaviləsinin əhəmiyyətini başa düşürük. Ona görə də bu hallardan qaçmaq üçün nikah müqaviləsi bağlamaq lazımdır.